Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:11

Azərbaycan hökuməti ən çox pulu yenə hərbi sahəyə xərcləyəcəyini açıqlayıb


Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində

Nazirlər Kabinetinin ötənilki hesabatında hökumətin 2024-cü və gələcək illərdə qarşısında duran əsas vəzifə və çağırışlar açıqlanıb. Açıqlamada bildirilir ki, dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi sahəyə ayrılacaq. Bu da o deməkdir ki, hökumət rəsmiləri Qarabağ konfliktinin artıq arxada qalmasını söyləsələr də, qarşıdakı illərdə də Azərbaycan büdcəsindən ən çox pul məhz hərbi sahəyə xərclənəcək.

Qüvvədə olan dövlət büdcəsindən müdafiə və milli güvənlik istiqamətində 6.4 milyard manat ayrılıb. Müqayisə üçün: Bu məbləğ büdcədən təhsil və səhiyyə xərclərinə ayrılan xərclərin toplamından daha yüksəkdir. Müstəqil iqtisadçıların fikrincə, Azərbaycan büdcəsi ilə bağlı risk amillərindən biri məhz hərbi xərclərin yüksək paya sahib olmasıdır. Bu baxımdan, nəzərə almaq lazımdır ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi Azərbaycanın hazırda hərbi istiqamətə ayırdığı vəsaiti sosial-iqtisadi istiqamətlərə ayırmasına da yol aça bilər. Sosial xərclərin artması insanların rifahının yüksəlməsi baxımından ən vacib şərtlərdən biridir.

2026-cı ilədək 140 min insan Qarabağa köçəcək

Hökumətin qarşıdakı illərlə bağlı fəaliyyətində işğaldan qurtulmuş ərazilərin bərpası və məskunlaşdırılması da əsas yerlərdən birini tutur. Rəsmi açıqlamaya görə, hökumət 2026-cı ilin sonunadək 34 min 500 ailənin - toplam 140 min insanın Qarabağda məskunlaşdırılmasını planlayır. Azərbaycanda məcburi köçkün statusu olan şəxslərin sayca 650 min nəfərə yaxın olduğu nəzərə alınsa, bu o deməkdir ki, 2026-cı ilədək məcburi köçkünlərin təxminən 25 faizi, yəni hər dörd nəfərdən biri Qarabağa qayıtmış olacaq.

Laçın: 'Qafqazın İsveçrəsi', yoxsa başdansovdu, keyfiyyətsiz tikinti?
Gözlə

No media source currently available

0:00 0:05:53 0:00

Nazirlər Kabinetinin hesabatından bəlli olur ki, qarşıdakı illərdə hökumətin iqtisadi inkişaf baxımından ümid bəslədiyi sahələrdən biri məhz Qarabağla bağlıdır. Hökumətin hesabatında qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzur neftdənkənar iqtisadiyyatın inkişafında yeni drayverlərdən biri olacaq. Artıq bir neçə ildir işğaldan qurtulmuş ərazilərdə iqtisadi fəaliyyət aparılsa da, bunun ölkənin makroiqtisadi göstəricilərinə ciddi təsiri qeydə alınmayıb. Bu baxımdan, sadəcə həmin ərazilərin məskunlaşdırılması hələ bunun iqtisadi inkişafa təkan verəcəyi mənasına gəlməz. Təkanın gerçəkləşməsi üçün ölkənin digər ərazilərində iqtisadi inkişafı ləngidən amillər – məhdud rəqabət imkanları, qanunun aliliyi, maliyyə resurslarına çıxış imkanları ilə bağlı problemlər aradan qaldırılmalıdır.

Hökumət daha nəyə ümid bəsləyir?

Hökumətin açıqlamasından bəlli olur ki, qarşıdakı illərdə iqtidarın iqtisadi inkişaf baxımından ümid bəslədiyi digər bir sahə də alternativ enerji istehsalıdır. Hesabatda bildirilir ki, prezidentin hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaedilən enerji istehsalına nail olmaqdır. Azərbaycan "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya yaşıl enerji ixrac edən vacib tərəfdaşlardan biri olmağı da planlaşdırır. Hökumətin planlarından anlaşılır ki, qarşıdakı illərdə də enerji sektoru Azərbaycan iqtisadiyyatının əsas ümid yeri olacaq. Ənənəvi enerji mənbələrinin aktuallığını itirdiyi ortamda hökumət alternativ enerji mənbələri hesabına bu sektordakı mövqeyini qorumağa çalışacaq. Ancaq onu da unutmaq olmaz ki, hökumətin alternativ enerji sahəsində planlarını gerçəkləşdirməsi də ölkə iqtisadiyyatı üçün bütün problemlərin aradan qalxmasına yol açmayacaq. Axı Azərbaycan uzun illərdir iqtisadiyyatın sadəcə bir sahədən asılı olmasının yaratdığı problemlərdən əziyyət çəkir. Bu baxımdan, hökumətin hesabatından görünür ki, qarşıdakı illərdə iqtidar bu durumun dəyişəcəyini gözləmir.

Bakı limanı. Çin Bakıdan narazıdır?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Azərbaycanın təbii sərvətləri ilə yanaşı, coğrafi mövqeyi də hökumətin iqtisadi böyümə gözləntisinə təsir göstərən başlıca amillər arasındadır. Ötən ilə dair hesabatda bildirilir ki, dünyada gedən geosiyasi proseslər Azərbaycanın nəqliyyat infrastrukturuna olan ehtiyacı daha da artıracaq və bu, ölkənin tranzit daşımalardan gəlirini çoxaldacaq.

Daxili borc artacaq, səkkiz dövlət müəssisəsinə investisiya cəlb ediləcək

Hökumətin qarşıdakı illərlə bağlı açıqlamasında diqqət çəkən məqamlardan biri də ölkənin maliyyə bazarlarıdır. Hesabatda vurğulanır ki, pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və bütövlükdə investisiya aktivliyinin yüksəldilməsi istiqamətində zəruri işlər davam etdiriləcək. Son illərdə hökumətin maliyyə siyasətində xarici borcun daxili borcla əvəzlənməsi diqqət çəkir. Hökumət bundan ötrü daxili maliyyə bazarının inkişafına yönəlmiş addımlar atır. Bəlli dövlət qurumlarının sərbəst vəsaitdən istifadə ilə bağlı hüquqi mexanizmlər də yaradılıb. Bu baxımdan, hökumətin açıqlamasından görünür ki, qarşıdakı illərdə də hökumət daxili mənbələr hesabına borclanmanı artırmaq niyyətindədir. Xarici borcun daxili borcla əvəzlənməsi hökumətə həm valyuta risklərindən qorunmaq, həm də insanlara xarici borcun azaldılması ilə bağlı "uğur hekayəsi" danışmaq şansı verir. Axı hökumət əksər hallarda xarici borcun azaldığını fəxrlə bildirsə də, toplam dövlət borcunun (daxili borcla birgə), tam tərsinə, artdığını dilə gətirmir.

Hökumətin qarşıdakı illərdəki iqtisadi siyasəti ilə bağlı diqqət çəkən daha bir məqam da səkkiz dövlət müəssisəsinə özəl investisiyaların cəlb edilməsi niyyətidir. Beynəlxalq qurumlar uzun illərdir Azərbaycan iqtisadiyyatına dair hesabatlarında bildirirlər ki, ölkədə dövlət müəssisələrinin çoxluğu və onların maliyyə fəaliyyətinin effektiv olmaması iqtisadi səmərə gətirmədiyindən həmin qurumlar özəlləşdirilməlidir. Hökumətin hesabatında özəl investisiya cəlb edilməsi planlaşdırılan həmin səkkiz müəssisənin adı açıqlanmayıb. Amma unutmaq olmaz ki, 2022-ci ildə imzalanan prezident sərəncamında qeyd edilmişdi ki, Azərbaycan Beynəlxalq Bankı, "Baktelekom" və "Aztelekom", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "Azergold", "Karbamid" və "Metanol" zavodları hökumətin özəl investisiya cəlb etməyi planlaşdırdığı müəssisələr arasındadır.

XS
SM
MD
LG