Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Xəbərlər

Rusiya ordusunun Kadrlar İdarəsinin rəisi saxlanılıb

Yuri Kuznetsov
Yuri Kuznetsov

Rusiya Müdafiə Nazirliyi Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb. Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. "General Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqını Baş Hərbi İstintaq İdarəsi aparır. Müstəntiq general barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib".

Kuznetsovun iş yerində, evində axtarış aparıldığı bildirilir. Cinayət işinin digər təfərrüatları barədə məlumat verilmir.

2010-2023-cü illərdə Kuznetsov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu orqan Müdafiə Nazirliyinin tərkibində dövlət sirrinin mühafizəsi xidmətinin məsələləri ilə məşğul olur.

Kuznetsov 2023-cü ilin mayında Rusiya Müdafiə Nazirliyi Kadrlar Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Rusiya Müdafiə Nazirliyində ən mühüm kadr dəyişiklikləri ötən ay başlayıb. Aprelin 23-də İstintaq Komitəsi nazirliyin rəis müavini general Timur İvanovun rüşvət almaqda şübhəli bilinərək saxlanıldığını elan edib. İvanov hərbi tikinti kompleksinə nəzarət edirdi.

Ertəsi gün Moskvanın Basman məhkəməsi istintaqın tələbi ilə generalı iyunun 23-dək həbsə göndərib.

Onunla birlikdə iş üzrə digər təqsirləndirilən - işadamı Sergey Borodin 2 ay müddətinə həbs edilib. Aprelin 25-də üçüncü müttəhim – "Olimpsitistroy" şirkətinin təsisçisi Aleksandr Fominin həbsi barədə məlumat yayılıb. O, rüşvət verməkdə ittiham olunur.

Mayın 12-də Sergey Şoyqu müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb. O, yeni təyinat - Nikolay Patruşevin yerinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsini alıb.

Azərbaycan və Ukrayna xarici işlər nazirləri danışıb

Bugün, mayın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər iki ölkə arasında nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər:

“Telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub”

Əlavə edildiyinə görə, habelə qeyd edilib ki, münasibətlər daim beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf edir.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən tacavüzə başlayıb. 8 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə Ukraynaya humanitar yardım göstərildiyi açıqlanıb.

Başqa tərəfdən 2022-ci il fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Bu sənəddə isə iki ölkə arasında siyasi, iqtisadi və daha bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edilir.

Ailəsi Ruslan İzzətlinin səhhətindən narahatdır

Ruslan İzzətli
Ruslan İzzətli

III Respublika Platformasının həbsdə olan qurucu üzvlərdən biri Ruslan İzzətlinin səhhətində problemlərin artdığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Günel Manaflı məlumat verib. Onun sözlərinə görə, saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında R.İzzətlidən götürülən analizlərin cavabında qanda şəkərin və xolesterinin artdığı göstərilib: "Digər problemlər də var. Əvvəllər də şəkəri olub, müalicə almışdı. Görünür, xəstəlik yenidən baş qaldırıb. Təkrar analiz və müalicəyə ehtiyac var. Analizi göstərdiyim həkim nəticəyə əsasən bildirdi ki, müalicə olunmazsa, gələcəkdə damar tıxanıqlığı, infarkta səbəb ola bilər. Həmçinin, ürəyinin də yoxlanılmasına ehtiyac olduğunu dedi".

G.Manaflı siyasətçinin ödündəki daşların da həyati təhlükə yaratdığını bildirir: "Müayinə nəticəsində ödündə daşların olduğunu təcridxananın həkimlərinin özləri də təsdiqləyiblər".

O vurğulayıb ki, R.İzzətlinin həyatına təhlükə var.

Hələlik, bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Yaxınları R.İzzətlinin həbsindən öncə və həbsinin ilk günlərində də onun səhhəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

R.İzzətli martın 8-də saxlanılıb və növbəti gün pul qaçaqmalçılığı ittihamı ilə 4 ay müddətinə həbs olunub.

Xatırlatma

Son aylar Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal sırf qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır. Hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Toplum" internet televiziyasının həbsdə olan təsisçi Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun qardaşı Nəsimi Məmmədli məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədlinin müalicəsi dayanıb: "Həkimin Ələsgərə yazdığı müalicə kursu bitib, yenisi isə başlamayıb. 10 gün əvvəl qardaşımdan analiz götürüblər, amma, hələlik, nəticələrini özünə deməyiblər deyə, yeni müalicə kursunu başlaya bilmir".

N.Məmmədli qeyd edib ki, analiz götürüləndə Ə.Məmmədliyə biopsiya müayinəsindən də keçirələcəyi deyilib: "Hətta bu analizi harada vermək istədiyini da soruşublar, amma, hələlik, heç bir nəticə yoxdur".

Ə.Məmmədlinin qardaşının bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Müdafiə tərəfinin bildirməsinə görə, onun bir sıra xəstəlikləri ilə yanaşı, qalxanabənzər vəzində şiş var və bu, getdikcə böyüyür.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Rusiyanın yeni müdafiə naziri Belousov...

Sergey Şoyqu və Vladimir Putin
Sergey Şoyqu və Vladimir Putin

Prezident Vladimir Putin Sergey Şoyqunun yerinə Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə Andrey Belousovu təklif edib.

Şoyqu Putinin fərmanı ilə Təhlükəsizlik Şurasının katibi təyin edilib.

"Təhlükəsizlik Şurasının hazırkı katibi Nikolay Patruşev başqa işə keçməsi ilə əlaqədar katiblik vəzifəsindən azad edilib", - prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiyada güc strukturlarının başçıları və xarici işlər nazirinin namizədliklərini hökumət başçısı deyil, prezident irəli sürür, onları Dövlət Duması deyil, Federasiya Şurası təsdiq edir. Şoyqu prezidentin yenidən əvvəlki vəzifəsində qalmadığını istəmədiyi yeganə nazirdir. O, 2012-ci ildən bu vəzifədə çalışırdı.

Müasir Rusiya tarixində ikinci dəfədir ki, Şoyqu Rusiya hökumətində nazir postu tutmayacaq. O, 2012-ci ildə Moskva vilayətinin qubernatoru təyin edilməsi ilə əlaqədar altı aylıq fasilə ilə 1991-ci ildən nazir idi.

O, Putinə yaxın sayılsa da, hələ onun sələfi Boris Yeltsin vaxtında Rusiya Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edib.

Siyasətçi sonralar da birinci şəxsə yaxın sayılıb, üstəlik, onunla birlikdə ov edib, təbiətdə, açıq havada dincəliblər. O, Putinin prezidentliyinin ilk iki dövründə parlamentdə əsas Putinyönlü qüvvə olan Vahid Rusiya partiyasının yaradıcılarından biri olub. Bununla belə, o, hökumətyönlü fəallar və bloqerlər arasında Rusiyanın Ukraynaya hücumu zamanı hərbi uğursuzluqlara görə kəskin tənqid edilirdi.

65 yaşlı Belousov hazırda Rusiya baş nazirinin birinci müavini vəzifəsini icra edir.

Belousovu hökumətdə "iqtisadi blokun kuratoru" adlandırırdılar. Yerli media onun iqtisadi nazirliklər və Mərkəzi Bankla münaqişələri barədə məlumat verirdi: onun dövlətin iqtisadiyyata daha çox iştirakının tərəfdarı olduğu bildirilir.

2021-ci ilə qədər Rusiya iqtisadiyyatında dövlət sektorunun payı 55 faizi ötüb. Tətbiqi İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, Ukraynadakı müharibə fonunda bu rəqəm artıb. "The Bell" onu Putinin komandasında "Rusiya ətrafında düşmən halqasına inanan" yeganə iqtisadçı adlandırıb.

Belousovun orduda xidmət etmədiyi məlumdur. Putinin mətbuat katibi Peskov müdafiə naziri postuna iqtisadçının təyin olunmasını şərh edərkən deyib ki, "döyüş meydanında yeniliklərə daha açıq olan qalib gəlir".

Onun sözlərinə görə, nazirin vəzifəsi "güc blokunun iqtisadiyyatını ölkə iqtisadiyyatına uyğunlaşdırmaq" olacaq - hazırda hərbi büdcə artıq 1980-ci illərin səviyyəsinə yaxınlaşır, bu, "kritik deyil, lakin ... son dərəcə vacibdir".

Prezident seçkisindən sonra hökumətdə yenidən təyinatlardan bir qədər əvvəl Şoyqunun müavini Timur İvanov həbs edilib, o, bir milyard rubl (10 milyon 840 min dollar) məbləğində rüşvət almaqda ittiham olunur.

XİN: 'Tərəflər... danışıqları davam etdirməyə razılaşıblar'

Ermənistan və Azərbaycanın xarici işlər naziri Ararat Mirzoyan və Ceyhun Bayramov danışıqlar aparmaq üçün Almatıya gəliblər. Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu onları qarşılayıb.
Ermənistan və Azərbaycanın xarici işlər naziri Ararat Mirzoyan və Ceyhun Bayramov danışıqlar aparmaq üçün Almatıya gəliblər. Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu onları qarşılayıb.

Mayın 11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında bir gün əvvəl başlayan danışıqlar davam edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumata görə, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.

Habelə bildirilir ki, iki gün sürən danışıqlarda onlar sülh sazişi layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər: "Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar".

Bu görüş iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi fonunda gerçəkləşib. Bu həftənin əvvəlində bildirilmişdi ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Hər iki ölkənin bununla bağlı komissiyaları bundan əvvəl bütün sərhədin 1991-ci il Almatı Bəyannaməsi bazasında delimitasiya olunacağına dair razılaşma əldə edildiyini açıqlayıblar. Azərbaycan ilkin razılaşmaya görə, nəzarətində olmayan dörd kəndinin ona qaytarılacağını bildirib. Yerevandan isə deyilib ki, həmin kəndlərdən birinin ərazisi tam, digərinin isə qismən onsuz da buna qədər Azərbaycanın nəzarətində idi. Azərbaycan ümumilikdə səkkiz kəndinin işğalda olduğunu deyirdi. Ermənistan isə hələ də 31 kəndinin ərazilərinin işğalda olduğunu bildirir. Amma rəsmi Bakı indiyə kimi bunu təsdiqləməyib.

***

Mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü keçirilib.

Görüş ərəfəsində Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundu gerçəkləşəcək.

Daha əvvəl isə Ermənistan Xarici İşlər Nazirliyindən yerli mediaya bildirilmişdi ki, bu görüşün gündəliyinə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər daxil edilib.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Amma ötən ildən başlayaraq iki ölkə arasında birbaşa danışıqlar da gerçəkləşib. Hazırda bu formatda onların arasında sərhədlər müəyyənləşdirilməkdədir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Nazarbayevin keçmiş kürəkəni Londondakı taunhausunu 35 milyon funta satıb

Timur Kulibayev
Timur Kulibayev

Qazaxıstanın keçmiş prezidentinin kürəkəni, milyarder Timur Kulibayev Londondakı mülklərindən birini 34.7 milyon funta (43.4 milyon dollar) satıb. Bu barədə Britaniyanın "The Financial Times" (FT) qəzeti məlumat verir .

Söhbət Londonun prestijli Meyfer rayonunda, Bukinqem Sarayına piyada məsafədə sayılan "Upper Grosvenor Street" ünvanındakı 41 nömrəli geniş binadan gedir. Martın sonunda taunhausa "North Wind Capital" daşınmaz əmlak investisiya şirkəti sahiblənib. Kulibayev və "North Wind Capital" nümayəndələri sövdələşməni şərh etməkdən imtina ediblər.

Nəşrdə yazılıb ki, Kulibayev "Upper Grosvenor Street" ünvanındakı qonşu 42-ci binanı da satmaq istəyir, lakin məsələ ilə bağlı məlumatlı şəxslərin sözlərinə görə, hələ alıcı tapılmayıb.

Ali Məhkəmə sənədlərinə və əmlak qeydlərinə görə, "Upper Grosvenor Street" küçəsindəki bu iki bina 2007-ci ildə, müvafiq olaraq, 25.8 milyon və 12 milyon funt-sterlinqə alınıb. FT-nin məlumatına görə, 41 nömrəli bina çox vaxt boş olur və bu, evsizliyə qarşı mübarizə aparanların narazılığına səbəb olub.

Keçən il, Britaniyada ofşor şirkətlərin son benefisiarı açıqlamalı olduğu yeni qaydaların qəbulundan sonra qazaxıstanlı milyarder Britaniya Vircin Adalarından "Merix International Ventures" şirkətinin sahibi kimi qeydiyyatdan keçib. "Upper Grosvenor Street"dəki 41-ci bina bu şirkətə məxsus idi.

Əliyevlərin Londonda üç imarəti
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Nazarbayevin kürəkəni, ortancıl qızı Dinaranın əri T.Kulibayev 2007-ci ildə indiki Britaniya kralının qardaşı Şahzadə Endryudan ofşor şirkət vasitəsilə Berkşirdəki Sanninqhill-Park malikanəsini alıb. Kulibayev 15 milyon funt sterlinq ödəyib ki, bu da ilkin qiymətdən üç milyon çoxdur. Onun nümayəndəsi bunu əmlakın başqa potensial alıcısının ortaya çıxması ilə izah edib.

FT xatırladır ki, 57 yaşlı T.Kulibayev vaxtilə Qazaxıstanı, demək olar ki, 30 il ərzində durmadan idarə edən qayınatası Nursultan Nazarbayevin mümkün varisi hesab olunurdu. Kulibayev həmçinin ölkədə bir sıra mühüm vəzifələrdə, o cümlədən "Samruk-Kazına" Milli Rifah Fondunun idarə heyətinin sədri olub.

2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələrdən sonra eks-prezident Nazarbayevin (2019-cu ildən prezidentlikdən gedib) və onun yaxın çevrəsində olan şəxslərin əvvəlki mövqelərini itirdiyi güman edilir. Timur və Dinara Kulibayevlərin, buna baxmayaraq, kapitallarını təxminən bir milyard yarım artırdıqları bildirilir. "Forbes"un məlumatına görə, 2023-cü ildə cütlüyün sərvəti 8.6 milyard dollar qiymətləndirilib.

Sloveniya iyunun 13-də Fələstin dövlətini tanımağa hazırlaşır

Parisdə Fələstin xalqına dəstək üçün mitinqdə iğtişaşlar zamanı qadın əlində Fələstin bayrağı tutur.
Parisdə Fələstin xalqına dəstək üçün mitinqdə iğtişaşlar zamanı qadın əlində Fələstin bayrağı tutur.

Lyublyana Fələstinin dövlət kimi tanınması prosesinə başlayıb və müvafiq təklif iyunun 13-də parlamentə təqdim olunacaq, - Sloveniyanın xarici işlər naziri Tanya Fayon mətbuata açıqlamasında bildirib.

O, Fələstinin müstəqilliyinin tanınması prosesini dönməz hesab edib.

"Şadam ki, hökumət Fələstini tanımaq prosesindədir. Bununla Sloveniya Yaxın Şərqdə sülhün və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinin zəruriliyi barədə aydın siqnal göndərir", - o vurğulayıb.

Mayın 8-də Baham adaları Fələstini müstəqil dövlət kimi rəsmən tanıdığını elan edib. Keçən ay Barbados və Yamayka Fələstini tanımaq qərarını açıqlamışdı.

Bugünədək BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstin Dövlətini tanıyıb.

1988-ci ildə qurulmuş Fələstin Dövləti Şərqi Qüds də daxil, 1967-ci il müharibəsindən bəri İsrailin nəzarəti altında olan İordan çayının qərb sahili və Qəzza zolağı üzərində suverenliyini elan edib.

Xatırlatma

İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT Baş Assambleyası Fələstin ərazisinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verib. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxıb. Nəticədə tərəflər arasında münaqişə yaranıb.

Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar.

Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.

Məhkəmə 'AbzasMedia işi' üzrə üç jurnalisti həbsdə saxladı

Ülvi Həsənlinin saxlanması: Abzas media korrupsiya araşdırmalarına davam edəcək
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

Mayın 9-da Bakının Xətai rayon Məhkəməsində "AbzasMedia" nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və meclis.info onlayn platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə ayrıca baxılıb. Prosesə Fuad Axundov sədrlik edib.

Məhkəmə vəsatətləri təmin etməyərək jurnalistləri həbsdə saxlayıb.

Vəkillər bildiriblər ki, jurnalistləri həbsdə saxlamaq üçün maddi, prosessual əsaslar yoxdur və onlar siyasi motivlərlə həbs olunublar.

Məhkəmə qərarlarından apellyasiya instansiyasına şikayət veriləcək.

2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər Azərbaycanda "AbzasMedia işi" ilə əlaqəli səkkiz jurnalist və media əməkdaşı həbs olunub. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Ümumilikdə isə son aylar ölkədə qaçaqmalçılıq ittihamı ilə 20-yə qədər jurnalist, ictimai fəal həbs edilib. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda ümumilikdə 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Rusiya ordusu Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrini tərk edir

Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi

Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bəzi rayonlarından çıxarılması barədə razılığa gəlinib. Bu razılıq Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə edilib.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.

"Həqiqətən də, şərtlər dəyişdiyinə görə... Paşinyan və Putin bu məsələni razılaşdırıblar", - o deyib.

Peskov əlavə edib ki, Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaqlar.

"Əldə edilən razılaşmaya əsasən, 44 günlük müharibə zamanı, habelə ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Qeqarkunik, Ararat bölgələrində yaradılan Rusiya sərhəd və hərbi məntəqələri fəaliyyətini dayandıraraq oradan çıxarılacaq", - Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan Facebook səhifəsində yazır.

Onun sözlərinə görə, Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında fəaliyyətinin dayandırılması qərarı da ən yüksək səviyyədə təsdiqlənib.

"Söhbətin mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyir ki, Moskva ilə Yerevan arasında münasibətlərdə, həqiqətən də, müəyyən çətinliklər var, lakin onları şişirtmək olmaz.

Peskov Putin ilə Paşinyan arasında söhbətin nə dərəcədə çətin olacağı sualına cavab verərkən deyib: "Söhbətin mürəkkəbliyini şişirtməyə ehtiyac yoxdur. Sözsüz, ikitərəfli münasibətlərimizdə müəyyən problemli mövzular var. Lakin, digər tərəfdən, iki ölkə arasında qarşılıqlı əlaqə nə qədər sıx, bu münasibətlərin kompleksi nə qədər geniş olarsa, bir o qədər də müxtəlif problemlər yaranır və qarşımıza çıxır".

Eyni zamanda, Peskov vurğulayıb ki, mövcud problemləri müzakirə etmək üçün liderlərin siyasi iradəsi var.

"Gəlin [danışıqların] nəticələrini gözləyək. dialoq var, bu dialoqu davam etdirmək üçün siyasi iradə var, tərəflər arasında qarşılıqlı maraq var, ikitərəfli münasibətlər üçün potensial var, ona görə də biz optimist olmağa daha çox meylliyik", - Putinin sözçüsü əlavə edib.

Putin və Paşinyan görüşüblər

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

Görüş Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitindən dərhal sonra Kremlin Andreyev zalında keçirilib.

Ermənistan rəsmiləri görüşün bir saatdan bir qədər çox çəkdiyini bildiriblər.

Putin görüşün əvvəlində deyib: "Biz bu barədə açıq rejimdə təfsilatı ilə danışmayacağıq, lakin Aİİ sammiti meydanında, əlbəttə ki, münasibətlərimizin bütün kompleksi, o cümlədən regional təhlükəsizlik məsələlərinə toxunmaq imkanı var".

Paşinyan sammitə sədrlik edib

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyətini təqdir edib.

"Bugünkü iclas Aİİ-nin 29 may 2014-cü ildə təsis müqaviləsinin 10-cu ildönümünə təsadüf edir. Ötən 10 il ərzində Aİİ üzv ölkələr arasında qarşılıqlı sıx əlaqələrin platformasına çevrilib və ölkələrimizin iqtisadiyyatlarında əhəmiyyətli rol oynayıb", - o, bu təşkilatın Moskvada keçirilən sammitində bildirib.

Rusiya prezidenti V.Putin də ölkələrin ittifaqa üzvlükdən faydalandığını vurğulayıb: "Bunu iqtisadi göstəricilər də deyir. Son 10 ildə Avrasiya İttifaqının toplam ÜDM-si artaraq, təxminlərə görə, 1.6 trilyon dollardan 2.5 trilyon dollara yüksəlib".

Ötən il Ermənistanın xarici ticarətinin 35 faizi və ixracatının 40 faizi Rusiyanın payına düşüb.

Faktiki olaraq Rusiya Ukraynada müharibəyə başlayandan bəri Rusiya-Ermənistan ticarəti sıçrayışla artıb. Bəzi şərhçilərin fikrincə, bu onunla izah olunur ki, Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə imkan yaradan ölkələrdən biridir.

Ermənistan hazırda Aİİ-də rotasiyalı sədrdir.

Putin ilə Paşinyan arasında görüş 'çox şeyi aydınlaşdıracaq'- Kreml

Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimindən bir gün sonra, mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşəcək. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O deyib edib ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında müxtəlif səviyyələrdə təmaslar nəzərəçarpacaq dərəcədə azalıb və "problemli məsələlər yığılıb". Uşakovun sözlərinə görə, danışıqlar zamanı liderlərin bu məsələləri açıq şəkildə müzakirə edəcəyi gözlənilir.

Prezidentin köməkçisi əlavə edib ki, 2023-cü ilin dekabrında sonuncu görüşdən bəri onlar praktiki olaraq danışmayıblar: "Ona görə də mən bir daha vurğulamaq istərdim ki, biz məhz bu ikitərəfli görüşə çox böyük əhəmiyyət veririk. Bu, mənə elə gəlir ki, bir çox məsələləri aydınlaşdırmağa kömək edəcək".

Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki problemlərdən danışan Uşakov qeyd edib ki, Yerevan Qərb ölkələri ilə münasibətləri "nümayişkar şəkildə" inkişaf etdirir, "Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantları nəzərdən keçirir, NATO xətti ilə əlaqələr intensivləşir".

Fevralda Ermənistanın baş naziri ölkəsinin Rusiyanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının de-fakto dondurulduğunu bəyan edib. Onun fikrincə, KTMT Bakı ilə münaqişədə Yerevanla bağlı öz funksiyalarını yerinə yetirməyib. Daha sonra Paşinyan Ermənistanın təşkilatdan çıxa biləcəyini istisna etmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml KTMT məsələsində Yerevanla dialoqa hazırdır və Putin ilə Paşinyan arasında şəxsi görüş zamanı ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılacağına ümid edir.

Britaniya Rusiya hərbi attaşesini ölkədən çıxarır

Rusiyanın Londondakı səfirliyi
Rusiyanın Londondakı səfirliyi

London Rusiya hərbi attaşesini Böyük Britaniyadan çıxarmaq, bəzi mülkləri diplomatik statusdan məhrum etmək və həmin ölkənin diplomatik vizalarının etibarlılıq müddətini məhdudlaşdırmaq qərarına gəlib, - "Reuters" xəbər verir.

Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bu addımı Rusiyanın Böyük Britaniya və Avropadakı "zərərli" fəaliyyətlərinə cavab adlandırıb. Londonda həmin attaşenin Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edirlər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı Moskvanın adekvat cavab verəcəyini bildirib.

Ermənistan Sünikdə gömrük-logistika mərkəzi tikir

Ermənistan-İran sərhəd-keçid məntəqəsində yük terminalı (Foto arxiv)
Ermənistan-İran sərhəd-keçid məntəqəsində yük terminalı (Foto arxiv)

Sünikdə gömrük-logistika mərkəzinin tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ermənistana 12 milyon avro ayıracaq. Bunun 2 milyonu qrant, 10 milyonu kreditdir.

Mərkəzin Ermənistanda Şəki kəndi yaxınlığında, Sisian şəhərindən 7 km aralıda, "Şimal-Cənub" magistralının gələcək yeni hissəsinin yanında inşası planlaşdırılır.

Orada avtonəqliyyat vasitələrinin yoxlanılması (yük və sərnişin avtomobillərinin rentgen müayinəsi daxil olmaqla) və yüklərin rəsmiləşdirilməsi üçün meydançalar yaradılacaq. Giriş və çıxışda nəqliyyat üçün beş zolaq salınacaq.

Belə bir mərkəzə ehtiyac onunla izah edilir ki, bir sıra yüklər sərhəddə deyil, ölkə daxilində gömrük anbarlarında rəsmiləşdirilir. Belə özəl anbarlar hər yerdə fəaliyyət göstərmir və heç də orada həmişə lazımi gömrük nəzarəti həyata keçirilmədiyi ehtimal edilir.

Yeni dövlət mərkəzində gömrük xidməti ilə yanaşı, yoxlama aparan digər təftiş qurumlarının nümayəndələri də olacaq. Onlar daşıma üçün bütün lazımi icazələri yerindəcə verməlidirlər.

Komitənin məlumatına görə, 2023-cü ildə cənub sərhədindən yük axını əvvəlki illə müqayisədə 373 mindən 570 min tona yüksəlib.

Anar Məmmədli evə buraxılmadı

Anar Məmmədli
Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli ev dustaqlığına buraxılmayıb.

Vəkil Elmar Süleymanov "Turan"a bildirib ki, mayın 8-də Xətai rayon Məhkəməsində Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb, amma təmin edilməyib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi Məmmədlinin həbsi üçün heç bir əsas görmür: "Biz Anar Məmmədli barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Amma madam ki, məhkəmə onun barəsində həbs-qətimkan tədbirini seçib və apellyasiya şikayətimiz da təmin olunmadı, biz Anar Məmmədlinin ev dustaqlığına buraxılması üçün müraciət etmişik".

Süleymanov bildirib ki, Məmmədlinin himayəsində azyaşlı uşağı, səhhəti zəif olan yaşlı anası və atası var: "Eyni zamanda, o, tanınmış hüquq müdafiəçisidir və onun istintaqdan yayınmaq niyyəti yoxdur. Amma, təəssüf ki, məhkəmə bizim əsaslarımızı eşitmədi və vəsatətimizi təmin etmədi".

Vəkilin sözlərinə görə, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Müdafiə tərəfinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Britaniya səfiri Anar Məmmədlinin həbsindən yazdı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Anar Məmmədlinin həbsi ilə bağlı narahatlığını bildirib.

"Biz Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının, o cümlədən Anar Məmmədlinin həbsindən narahatıq. Biz Azərbaycanı insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Vətəndaş cəmiyyətinə dəstəyimiz Britaniya-Azərbaycan münasibətlərinin əsas sütunudur", - səfir X sosial platformasında yazıb.

Vəkil Anar Məmmədli ilə görüşüb

Vəkil Elmar Süleymanov mayın 1-də 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.

Vəkilin sözlərinə görə, Məmmədli özünü normal hiss edir.

Eyni zamanda, Məmmədli ona qarşı irəli sürülən ittihamı rədd edir.

Məmmədlinin başına torba keçirilərək məhkəməyə gətirilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirən vəkil bildirib ki, hüquq müdafiəçisi bu məlumatı təsdiqləməyib: "Anar Məmmədli bildirdi ki, o, məhkəməyə əllərinə arxadan qandal vurulmuş, başı aşağı əyilmiş halda gətirib-aparıblar. Lakin başına torba taxılmayıb".

Məmmədli istintaq təcridxanasında rəftardan şikayəti olmasa da, karantində antisanitar şəraitin olduğunu qeyd edib.

Hələlik, vəkilin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Anar Məmmədli barəsində 3 ay 28 günlük həbs qərarı verilib

Aprelin 30-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin rəhbəri Anar Məmmədli barəsində Xətai rayon Məhkəməsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Ramil Süleymanov məlumat verib.

Vəkil qərarı qanunsuz hesab etdiklərini və qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur, amma ittihamı qurama sayır.

Anar Məmmədlinin həbsinə AŞPA-dan reaksiya: 'Nə indi, nə də yanvarda...'

Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Frank Şvabe Anar Məmmədlinin həbsindən sonra Azərbaycanın bu quruma qayıtmasını qeyri-mümkün hesab edir.

"Azərbaycanın Parlament Assambleyasına geriyə yolu yoxdur. Nə indi, nə də yanvarda", - o, X platformasında öz hesabında yazıb.

Şvabe ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasını səbəb göstərərək Azərbaycan nümayəndə heyətinin AŞPA-da səs hüququndan məhrum edilməsinin təşəbbüskarı olub.

2024-cü ilin yanvarında qış sessiyasında AŞPA üzvləri bu barədə qətnamə qəbul edərək Azərbaycan nümayəndə heyətinin mandatını bir illiyinə dondurub. Qətnamədə deyilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etsə və insan hüquqlarının pozuntularına son qoysa, səs hüququ qaytarıla bilər.

Azərbaycan hökuməti təmsilçiləri isə bununla bağlı tənqidləri qərəzli və əsassız sayır.

Anar Məmmədlinin də qaçaqmalçılıqda günahlandırıldığı deyilir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir.

Bu barədə onun yaxınları məlumat verir.

Məmmədlinin ailə üzvləri həmçinin onun "AbzasMedia işi" üzrə prosesə cəlb edildiyini vurğulayıblar.

Onların sözlərinə görə, Məmmədlinin vəkili, hələlik, onunla görüşə bilməyib: "Anar Məmmədli gecəni Xətai rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında keçirib. İstintaqı Bakı şəhər Baş Polis İdarəsi aparır".

Hələlik, bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanmasına münasibət bildirib.

"Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin - ən son isə Anar Məmmədlinin, - həbslərinin davam etməsi bizi çox narahat edir. Biz Azərbaycan hökumətini haqsız yerə həbs olunan bütün şəxsləri dərhal azad etməyə çağırırıq", - ABŞ səfirliyinin mətbuat katibi Vanessa Zenci "Amerikanın Səsi"nin sorğusuna cavabda bildirib.

Məmmədlinin atasının evində də axtarış aparılıb

Aprelin 29-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin öz evi ilə yanaşı, atasının evində də axtarış aparıldığı bildirilir. (O da Bakı şəhərindədir)

Məmmədlinin bacısı Şəfa Məmmədli "Amerikanın Səsi" radiosuna deyib ki, atasının evindən köhnədən qalan sənədlər aparılıb: "Həmçinin, guya Anarın köynəyinin cibindən çıxan qəbzləri, mənim kompüterimi, fleş-kartımı götürüblər. Axtarışdan sonra Anarın evində də oldum. Onun kompüterini, telefonunu aparıblar. Bir də biz hesab edirik ki, pul qoyublar. Anarın evində pulun bağlandığı iplər qalıb".

***

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin "AbzasMedia işi" çərçivəsində istintaqa şahid qismində cəlb edildiyi bildirilir.

Bunu vəkil Elçin Sadıqov deyib. Amma, hələlik, bu məlumatı rəsmi qurumlar təsdiqləməyiblər.

Son aylar Azərbaycanda aralarında AbzasMedia nəşrinin rəhbərliyi və bir neçə əməkdaşı da daxil 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittiham ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər də bildirir ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə həbs edilmir.

+++

Anar Məmmədlinin saxlanması ilə yanaşı, onun Bakı şəhərində evində axtarış başladığı bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Anar Məmmədlinin evində axtarış
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

+++

Vəkil Anar Məmmədli ilə görüşə bilmir.

Vəkil Elçin Sadıqovun bildirməsinə görə, orderi və vəsiqəsi ilə birlikdə Məmmədlinin evinə yaxınlaşsa da, polis görüşə, habelə axtarış götürmədə iştirakına icazə vermir.

Vəkilin dediklərinə Azərbaycan Daxili İşlər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.

DİN təsdiqləyir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin saxlanmasını Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı da təsdiqləyib. O, "Turan"a bildirib ki, Məmmədli barəsində araşdırma aparılır, əlavə məlumat veriləcək

Anar Məmmədli saxlanıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanıb.

Bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Məmmədlini aprelin 29-da saat 15 radələrində Bakı şəhəri, Teymur Əliyev küçəsində mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.

Xatırlatma

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanıb. O, vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətə həbs edilib. Amma ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

SMDT o azadlığa çıxdıqdan sonra da fəaliyyət göstərib. Azərbaycanda bir çox seçkilərin monitorinqini aparan bu təşkilatın hesabatları, bir qayda olaraq, tənqidi xarakter daşıyıb.

Azərbaycan rəsmiləri isə ölkədə seçkilərin azad və ədalətli keçirilmədiyinə aid tənqidləri qəbul etmir.

Məhkəmə Qubad İbadoğlunun üzərindən elektron qolbağı çıxarmaqdan imtina edib

Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra
Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra

Mayın 7-də Bakının Nərimanov rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun üzərindən elektron qolbağın çıxarılması barədə vəsatətə baxılıb.

"Xahiş etdik ki, Qubad İbadoğlunun üzərindən elektron bilərziyi çıxarsınlar. Buna ehtiyac yoxdur. O, Kompüter Tomoqrafiyası (KT) və Maqnetik Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçməlidir, elektron cihaz isə maneə yaradır. Bundan əlavə, Qubadda şəkərli diabet var və qan dövranının pisləşməsi səbəbindən uzun müddət cihaz taxmaq toxuma nekrozuna səbəb ola bilər",- qardaşı Qalib Bayramov deyib.

Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib, bu qərardan apellyasiya şikayəti veriləcək.

Məsələ ilə bağlı rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

Qubad İbadoğlunun ayağına elektron qolbaq taxılıb

Mayın 4-də Sumqayıtda polis əməkdaşları məhkəmənin qərarını icra edərək ötən ay ev dustaqlığına buraxılan Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun ayağına onun hərəkətlərinə məsafədən nəzarət etməyə imkan verən elektron qolbaq bağlayıblar.

Q.İbadoğlunun qanuni təmsilçiləri deyirlər ki, Azərbaycanda elektron nəzarət hətta məhkəmə qərarı ilə də nisbətən az hallarda tətbiq olunur. Onun qardaşı Qalib Toğrul məsələ ilə bağlı bunları deyib: "Gördüyünüz kimi, qardaşıma xüsusi münasibət göstərilir. Polis Qubadoğlunun istintaq təcridxanasında 9 ay saxlandığı zaman zədələnmiş ayağını bu cür "müalicə" edir".

Bu arada 50-dək beynəlxalq təşkilat, habelə Oksford, Kembric, Ekseter, Susseks, Nottinqem, Lankaster, Nyukasl, Dublin universitetlərin professorları London İqtisadiyyat Məktəbinin baş elmi işçisi, doktor Q.İbadoğlu ilə əlaqədar Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona məktub göndəriblər. Həmin məktubda nazirdən İbadoğlunun işinə dəstək verilməsi istənilir.

Qubad İbadoğlu: 'Heç bir cinayət törətməmişəm'

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini söyləyib. Onun sözlərinə görə, həbsi siyasi sifariş idi: "Mən həmişə fəaliyyətimi qanun və Konstitusiya çərçivəsində göstərmişəm. Heç bir cinayət törətməmişəm".

İbadoğlu bildirib ki, səhhətində problemlər var: "Mən həbs olunanda şəkərli diabet, onurğada, ürək-damar sistemində problem var idi. Həbsdə o problemlər daha da dərinləşdi, çünki qapalı şəraitdə saxlanırdım. Ev dustaqlığına buraxılmağımın səbəbi, yəqin ki, elə də budur".

O, eyni zamanda yerli və beynəlxalq ictimaiyyətin, medianın onun ev dustaqlığına buraxılmasında böyük rolu olduğunu deyib.

Q.İbadoğlunun bu dediklərinə, hələlik, rəsmilərin münasibətini almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər.

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun həbsi ev dustaqlığı ilə əvəz olunub. İstintaq müddətində o, ev dustaqlığında olacaq.

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, vəsatətə bu gün, aprelin 22-də Nərimanov rayon Məhkəməsində baxılıb.

Vəkil vurğulayıb ki, məhkəmə müdafiə tərəfinin arqumentləri ilə razılaşaraq vəsatəti təmin edib.

Q.İbadoğlu məhkəmədən sonra evinə gedə biləcək.

B.Bayramov AzadlıqRadiosuna açıqlamasında deyib ki, müdafiə tərəfi vəsatətdə Q.İbadoğlunun səhhətinə diqqət çəkib. Vəkillər hesab edir ki, həm ittihamlar əsassızdır, həm də onun səhhəti həbsdə saxlanmasına imkan vermir.

Xatırlatma

Q.İbadoğlu ötən il iyulun 23-də həbs olunub. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Siyasətçi irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Q.İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.

ADR dövlət qeydiyyatından keçməyib.

Zaqatalada kütləvi zəhərlənmə...

Ambulans
Ambulans

Dünən, mayın 7-də Zaqatala rayonunda aralarında uşaqlar da olmaqla bir çox şəxslərin səhhətində pisləşmə qeydə alınıb.

"Turan"ın məlumatına görə, yerli xəstəxanaya qısa zaman kəsiyində 40 nəfərə yaxın sakin tibbi yardım üçün müraciət edib.

Mayın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) də agentliyə deyilib ki, dünən saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsi ilə 34 nəfər Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: "Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalar başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən də verilən məlumata görə, artıq bu məsələ ilə bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Səhhətləri pisləşən şəxslər və ya onların yaxınları ilə danışmaq mümkün olmayıb.

ToplumTV-nin əməkdaşı Elmir Abbasov polisdə ifadə verib

Elmir Abbasov
Elmir Abbasov

“Toplum” internet televiziyasının əməkdaşı Elmir Abbasovun mayın 7-də Bakı Şəhər Baş Polis İdarəsində "Abzas Media" işi üzrə ifadə verdiyi bildirilir.

Bu barədə onun özü məlumat verib.

Abbasovun sözlərinə görə, ona verilən müəyyən sualları cavablandırıb. O, iltizam sənədinə imza atdığına görə, sualların nə ilə bağlı verildiyini açıqlaya bilməyəcəyini qeyd edib. Dindirmə onun dediyinə görə, təxminən saat yarım çəkib.

O, hər hansı təzyiqlə üzləşmədiyini bildirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə isə danışmaq mümkün olmayıb.

Elmir Abbasov "Toplum TV işi” üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Onun barəsndə polis nəzarəti qətimkan tədbiri seçilib

Son aylar Azərbaycanda aralarında “Toplum” internet televiziyası, habelə “Abzas Media” nəşrinin əməkdaşları da olmaqla müəyyən qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda ümumilikdə 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə, mühakimə ediliblər.

Ermənistan təhlükəsizlik strategiyasının təftişinə başlayıb

Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanda milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsinə başlanıb, - bunu baş nazir Nikol Paşinyan bu gün, mayın 7-də keçirdiyi mətbuat konfransında deyib.

"Davam edən proseslər bizi belə bir qənaətə gətirdi ki, Ermənistanın inkişaf strategiyasına yenidən baxılmalıdır... İşçi səviyyədə bu təftiş prosesi artıq başlayıb", - o bildirib

Onun fikrincə, Ermənistanın varlığının mənası tarixi ədalətə, milli gündəmlərə xidmət etmək yox, vətəndaşların azadlıqlarını, xoşbəxtliyini və rifahını təmin etmək olmalıdır.

Baş nazir vurğulayıb ki, ölkənin təhlükəsizliyini xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli müdafiə və təhlükəsizlik sisteminin tətbiqi ilə təmin etmək olar.

O düşünür ki, Ermənistanın ətrafında təhlükəsizlik qarantiyaları sistemi işləmir.

Onun sözlərinə görə, bu şəraitdə ölkə Türkiyə və Azərbaycanla düşmənçiliyə son qoymalıdır, çünki yalnız belə yanaşma ölkənin təhlükəsizliyini təmin edə bilər.

"Sülh gündəliyi təhlükəsizlik aləti kimi qəbul edilib", - o vurğulayıb.

Bundan əvvəl Paşinyan bildirmişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) etibar etmək olmaz. Onun iddiasına görə, KTMT 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərini pozması zamanı cavab mexanizmlərindən istifadə etməyib. Təşkilatdan o zaman sərhədlərin delimitasiya edilməməsi ilə bağlı bəyanat səslənmişdi.

Azərbaycan rəsmiləri isə Ermənistan sərhədlərinin pozulmasını təsdiq etməmişdi.

Delimitasiya dayanmayacaq

N.Paşinyan ölkə müxalifətinin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bildirib.

Onun sözlərinə görə, delimitasiyadan imtinanın qaçılmaz nəticəsi müharibə olacaq və "bu müharibə müəyyən mənada qeyri-qanuni olmayacaq": "Biz deyirik ki, yaxşı, əziz jurnalistlər, hörmətli din xadimləri, yepiskoplar, katolikos həzrətləri, siz deyirsiniz ki, bu gündən etibarən sərhədləri ayırmağa son qoyaq... Sonra nə olacaq? Bir şey - müharibə".

Ermənistan müxalifəti baş naziri Azərbaycana birtərəfli güzəştə getməkdə günahlandırır. Onlar dəfələrlə bəyan edib ki, Azərbaycan SSR-in tərkibində olan dörd kəndin ona qaytarılması ilə bağlı delimitasiya haqqında qərarı qəbuledilməz sayırlar. Delimitasiya başlayandan sonra Yerevanda və sərhəd Tavuş bölgəsində etiraz aksiyaları keçirilib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

İsrail 'Rəfah' keçid məntəqəsini tutub

Qəzza zolağının cənubundakı Rəfahda İsrailin bombardmanından sonra tüstü qalxır.
Qəzza zolağının cənubundakı Rəfahda İsrailin bombardmanından sonra tüstü qalxır.

İsrail Müdafiə Ordusu (SAXAL) mayın 7-də səhər Qəzza zolağı tərəfdən "Rəfah" keçid məntəqəsini ələ keçirib və oranın fəaliyyətini dayandırıb. Hələlik, avtomobillərin oradan buraxılmadığı bildirilir.

Bir gün əvvəl İsrail hərbi kabineti Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfah şəhərində əməliyyatın davam etdirilməsinə qərar verib. İsrail tərəfi girovların azad edilməsi üçün ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasına təzyiqləri davam etdirəcəyini açıqlayıb. İsrail Rəfahı qruplaşmanın son qalası adlandırır.

İsrailin Rəfaha texnika və qoşun yeritməsindən sonra HƏMAS Qəzza zolağında atəşkəsə razılığını elan edib. Onlar vasitəçi kimi çıxış edən Qətərin baş naziri və Misir kəşfiyyatının rəhbərini bu haqda məlumatlandırıblar.

Bununla belə, "Əl-Cəzirə" telekanalı HƏMAS-ın yüksək səviyyəli nümayəndəsinə istinadən xəbər verir ki, qrupun qəbul etdiyi təklifə İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması, qaçqınların qaytarılması və girovların fələstinli məhbuslarla dəyişdirilməsi daxildir.

Eyni zamanda, İsrail rəsmilərindən biri "Reuters" ilə söhbətində vasitəçilərin qruplaşmaya Misirin "yumşaldılmış" təklifini çatdırdıqlarını söyləyib. Açıqlamaya görə, İsraili bu, qane etmir.

Mayın 6-da İsrail hərbçiləri Rəfah şəhərinin sakinlərini onların sərhədinə yaxın olan şərq kənarlarını boşaltmağa, Əl-Məvasi və Xan Yunis bölgələrinə köçməyə çağırıb. SAXAL onlar üçün genişləndirilmiş humanitar zonanın yaradıldığını iddia edir.

Xatırlatma

İsrail oktyabrın 7-də HƏMAS-ın ölkənin cənubuna hücumundan sonra Qəzza zolağında hərbi əməliyyatlar aparır. Hücum zamanı min 200-dən çox israillinin öldürüldüyü, 250-dən çoxunun girov götürülərək Qəzzaya aparıldığı bildirilir. Onlardan bəziləri artıq azad edilib. İsrail bildirib ki, məqsədi Qəzza zolağında HƏMAS-ı tamamilə məhv etməkdir.

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi hərbi əməliyyatların başlanmasından bəri 34 mindən çox fələstinlinin öldürüldüyünü bildirir.

Bir çox ölkələr İsraili mülki şəxslərə qarşı hədsiz qəddarlıqda ittiham edir. İsrail ordusu yalnız qruplaşmanın infrastrukturuna zərbələr endirdiyini, HƏMAS-ın mülki insanlardan canlı qalxan kimi istifadə edərək obyektlərini əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirdiyini vurğulayır.

Rusiya nüvə silahı ilə təlimlər keçirəcək

"İsgəndər" taktiki raket sistemi
"İsgəndər" taktiki raket sistemi

Rusiya tezliklə qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək hazırlığını artırmaq məqsədilə təlimlər keçirmək niyyətindədir. Bu barədə Müdafiə Nazirliyinin mayın 6-da yaydığı məlumatda bəhs edilir.

Bildirilir ki, Baş Qərargah aviasiya, eləcə də Hərbi Dəniz Qüvvələrinin cəlb edilməsi ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərə hazırlığa başlayıb. Məlumata görə, təlimlər zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi məsələlərinin praktiki həlli üçün bir sıra tədbirlər həyata keçiriləcək. "Ayrı-ayrı Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına, təhdidlərinə cavab olaraq Rusiya dövlətinin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədilə bu cür silahların döyüş istifadəsi məşq ediləcək", - açıqlamada vurğulanır.

Müdafiə Nazirliyinin açıqlamasında hansı şəxslərdən və bəyanatlardan bəhs olunduğu qeyd edilmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, təlimlər Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun, eləcə də "bəzi" amerikalıların son bəyanatlarına cavabdır. Peskov xüsusən Makronun Qərb ölkələri hərbçilərinin Ukraynaya gələcəkdə göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatları ilə gərginliyin "görünməmiş" həddə çatdığını açıqlayıb. Kemeron, öz növbəsində, Ukraynanın Britaniyanın verdiyi silahlardan istifadə etməklə Rusiyadakı hədəflərə zərbələr endirməsi ehtimalını dilə gətirmişdi. Hər iki liderin bəyanatları Rusiyada kəskin tənqid olunub.

Lukaşenko: 'Rusiya Belarus ərazisində taktiki nüvə bombaları yerləşdirir'
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Peskovun hansı amerikalıları nəzərdə tutduğu bəlli deyil. Mayın 6-da Rusiya mətbuatında Nümayəndələr Palatasındakı demokrat azlığın lideri Hakim Ceffrisin guya ABŞ ordusunun Ukraynadakı müharibəyə müdaxiləsinin tələb oluna biləcəyini vurğuladığı yazılıb. Reallıqda isə Ceffris bunu birbaşa deməyib. O, Ukraynanın məğlubiyyəti, Rusiyanın daha da genişlənmək cəhdləri və xüsusən də NATO ölkələrinə hücumları halında ABŞ qoşunlarının Rusiya ilə münaqişəyə cəlb oluna biləcəyini deyib. Digər amerikalı siyasətçilər də belə bir təhlükədən danışıblar, lakin onlar ABŞ qoşunlarının Ukraynaya göndərilməsini qəti şəkildə rədd ediblər.

Qeyri-strateji nüvə silahı böyük hədəfləri, habelə qarşı tərəfin qüvvələrinin cəbhədə və birbaşa arxada cəmləşməsini vurmaq üçün taktiki nüvə silahlarıdır. Strateji nüvə silahlarından fərqli olaraq, taktiki döyüş başlıqlarının trotil ekvivalenti adətən bir neçə min tonu (kiloton) keçmir, çox vaxt bir kilotondan azdır.

Xüsusilə, taktiki nüvə silahı "İsgəndər" raket sistemləri ilə istifadə oluna bilər.

Rusiyanın dünyada bu silahın ən böyük ehtiyatına sahib olduğu təxmin edilir. O, heç vaxt döyüş meydanında istifadə olunmayıb.

1991-ci ildə dağılan SSRİ-də (Rusiya özünü onun varisi sayır) taktiki nüvə silahından istifadə ilə təlimlər keçirilib. Müasir Rusiyada belə təlimlərin olması ilə bağlı rəsmi bilgilər yoxdur. Bununla belə, "The Financial Times" yazır ki, Rusiya hərbi sənədlərinə görə, 10 il əvvəl bu cür silahların mümkün istifadəsi əsasında hərbi təlimlər keçirilib, özü də hipotetik Çin təcavüzünə qarşı.

Rusiyanın strateji nüvə qüvvələri 2022-ci ilin fevralından yüksək hazırlıq vəziyyətindədir. Elə həmin ay Rusiya Ukraynaya qarşı birbaşa, genişmiqyaslı hərbi təcavüzə başlayıb. Buna qədər isə Ukraynanın Krım bölgəsinə nəzarəti ələ keçirmişdi.

ABŞ səfiri: 'Mən Şuşada olmaqdan xoşbəxtəm'

Səfir Mark Libbi və xanımı Şuşada
Səfir Mark Libbi və xanımı Şuşada

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi bu gün, mayın 6-da Şuşa şəhərinə səfər edib.

"Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm", - bu barədə Libbi Cıdır düzündən yayımladığı videomüraciətində bildirib.

"Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər, nəhayət ki, baş tutdu… Qonaqpərvərliyinizə görə təşəkkür edirəm… Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm", - səfir qeyd edib.

Mayın 3-də ABŞ-ın Azərbaycandakı səfiri Libbiyə jurnalistlərlə keçirilən dəyirmi masada Şuşa şəhəri işğaldan azad olunandan (2020) sonra niyə bir çox səfirlərdən fərqli olaraq oranı ziyarət etməməsi ilə bağlı sual ünvanlanmışdı. Səfir zamanı çatanda Şuşanı ziyarət edəcəyini bildirmişdi. Bununla bağlı hökumətyönlü mediada səfirə qarşı genişmiqyaslı kampaniya başlamışdı...

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycan ərazilərinin təqribən 20 faizinə nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il Qarabağda birgünlük hərbi əməliyyatlar nəticəsində rəsmi Bakı bütün ölkə ərazisində suverenliyinin bərpa olunduğunu açıqlayıb.

Ötənilki birgünlük hərbi əməliyyatı Bakı "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Almatı görüşünün tarixi açıqlanıb

Ceyhun Bayramov və Ararat Mirzoyan
Ceyhun Bayramov və Ararat Mirzoyan

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb.

Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.

Amma, hələlik, görüşün dəqiq gündəliyi açıqlanmır.

Bir müddət öncə Azərbaycan və Ermənistan rəsmiləri belə bir görüşün keçirilməsinə razılıq verildiyini bildirmiş, lakin onun tarixinin, hələlik, bəlli olmadığı vurğulanmışdı.

Son illər bu iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Üstəlik, ötən ildən başlayaraq iki ölkə arasında birbaşa danışıqlar da gerçəkləşib. Hazırda iki ölkə arasında sərhədlər müəyyənləşdirilməkdədir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Bakı, üstəlik, ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olub.

Berluskoninin keçmiş müttəfiqi: Putin cüyürün ürəyini kəsdi

Putin Tuvanın Sayan dağlarında ovda
Putin Tuvanın Sayan dağlarında ovda

İtaliya Senatının keçmiş üzvü Fabritsio Çiççitto "Corriere della Sera" qəzetinə Rusiya prezidenti Vladimir Putinin ov edərkən iki cüyür öldürməsi, onlardan birinin ürəyini bıçaqla kəsərək Silvio Berluskoniyə yeməyə təklif etməsindən danışıb. İtaliyanın uzun müddət baş naziri olmuş Berluskoni o vaxt həm də Senat üzvü idi.

Çiççitto İtaliya parlamentinin yuxarı palatasında Berluskoninin "İrəli, İtaliya " partiyasını təmsil edib.

Onun sözlərinə görə, Putinin qəddarlığı barədə ona keçmiş baş nazirin özü danışıb. "Vladimir mənə əvvəllər təsəvvür etmədiyim qəddar bir xarakter göstərdi" - Çiççitto Berluskoninin ona söylədiyi sözlərdən sitat gətirir.

"Corriere della Sera" nəşrinə görə, hadisə Rusiyada 2013-cü ildə Berluskoninin Putinin malikanəsində tətildə olduğu vaxt baş verib

"Putin ova getməyi təklif etdi. Qarda gəzərkən iki cüyür gördü. Hər ikisini vurduqdan sonra məmnunluqla üzümə baxdı və dedi: "Bu gün sizə heyrətamiz yeməklər təqdim edəcəm". O, əlində bıçaq tutaraq heyvanlara yaxınlaşmaq üçün yamacdan aşağı düşdü. Sonra onlardan birinin ürəyini çıxardı. Onu müşayiət edən bir kişi taxta podnos çıxardı, mənə verdi və üzərinə qanayan ət parçası qoydu... Qusdum", – Çiççitto Berluskoninin dediklərini sitat gətirir.

Kreml hələ ki, "Corriere della Sera"nın məqaləsinə münasibət bildirməyib. Putin və Berluskoninin dostluq münasibətləri olub, qeyri-rəsmi şəraitdə tez-tez görüşdükləri bildirilir. Berluskoni Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi təcavüzünü pisləyib, lakin ondan bir neçə ay sonra Putin ilə münasibətləri bərpa etdiyini söyləyib. Rusiya prezidenti italyan siyasətçinin 2023-cü ildə vəfatı ilə bağlı başsağlığı verib.

İsa Qəmbər yenidən başqan seçilib

İsa Qəmbər
İsa Qəmbər

Mayın 4-də Müsavatın XI qurultayında 10 ildən sonra İsa Qəmbər yenidən bu partiyanın başqanı seçilib. 289 nümayəndədən 275-i onun lehinə səs verib.

İ.Qəmbər çıxışı zamanı dinc demokratik keçid üçün iqtidarla ictimai saziş təklifi ilə çıxış edib: "Vəziyyət kifayət qədər ağırdır... Hakimiyyətlə cəmiyyət arasında, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır".

Xatırlatma

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) parlamentində çoxluqda olub. Rusiya işğalından sonra mühacirətdə fəaliyyətini davam etdirib.

1992-ci ildə Müsavat Partiyasının Azərbaycanda Bərpa mərkəzi yaradılıb. Milli Məclisin ovaxtkı sədri İ.Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən Müsavat müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib.

Nigerdəki Rusiya hərbçiləri amerikalıların yerləşdiyi bazanı ələ keçirib

ABŞ və Niger bayraqları hava qüvvələrinin baza düşərgəsində yan-yana qaldırılıb
ABŞ və Niger bayraqları hava qüvvələrinin baza düşərgəsində yan-yana qaldırılıb

Rusiya hərbçiləri Nigerdəki Amerika Birləşmiş Ştatları (ABŞ) qoşunlarının yerləşdiyi aviabazaya daxil olublar.

Bu barədə ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi "Reuters"ə bildirib.

Bu addım Niger xuntasının ABŞ hərbçilərinin ölkədən çıxarılması qərarından sonra atılıb.

Nigerin ordu liderləri ABŞ-dan ölkədən minə yaxın hərbçisini çıxarmağı tələb ediblər. Bu Qərbi Afrika ölkəsi ötənilki çevrilişdən əvvəl üsyançılarla mübarizədə Vaşinqtonun əsas tərəfdaşı idi.

ABŞ və müttəfiqləri dövlət çevrilişlərindən sonra bir sıra Afrika ölkələrindən qoşunlarını çıxarmağa məcbur olublar. Bəzi Afrika ölkələrində hakimiyyətlərə Qərb hökumətlərindən uzaqlaşmaq istəyini nümayiş etdirən qruplaşmalar gəlməkdədir

Nigerdən qoşunların çıxarılması gözləntisindən əlavə, son günlər ABŞ ordusu Çadı da tərk edib, Fransa qoşunu isə Mali və Burkina-Fasodan çıxarılıb.

Eyni zamanda, Rusiya Afrika ölkələri ilə əlaqələri gücləndirməyə çalışır. "Moskva özünü dost ölkə kimi təqdim edir", - "Reuters" yazır.

Məsələn, Mali son illərdə Rusiyanın ən yaxın Afrika müttəfiqlərindən birinə çevrilib: orada cihadçı-üsyançılarla mübarizə aparmaq üçün "Vaqner" Qrupunun muzdlu qüvvələri yerləşdirilib.

Rusiya təcavüz etdiyi Ukraynaya hərbi və maliyyə yardımı göstərən ABŞ-la münasibətləri "sıfırdan aşağı" kimi qiymətləndirib.

Azərbaycanda media azadlığı 13 pillə geriləyib

2024 Dünya Mətbuat Azadlığı İndeksi
2024 Dünya Mətbuat Azadlığı İndeksi

"Sərhədsiz Reportyorlar"ın illik media azadlığı reytinqinə əsasən, rekord sayda ölkədə vəziyyət xeyli pisləşib.

Həmin ölkələr sırasında Azərbaycan və Gürcüstan da var.

Azərbaycan 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb. Ötən illə müqayisədə ölkə 13 pillə geriləyib. Ermənistan, əksinə, göstəricisini 6 pillə yaxşılaşdıraraq 43-cü yerə yüksəlib.

"Şərqi Avropa və Mərkəzi Asiyada, xüsusən də Belarusda (167), Gürcüstanda (103), Qırğızıstanda (120), Azərbaycanda (164) Rusiyanın repressiv üsullarının effektiv yamsılaması ilə media senzurası güclənib", - hesabatda bildirilir.

Mətbuat azadlığı ilə bağlı ən yaxşı vəziyyət Norveç, Danimarka və İsveçdədir. Siyahını Eritreya bağlayır.

"Sərhədsiz Reportyorlar"ın müşahidələrinə görə, bütün dünyada media azadlığı ilə bağlı durum sürətlə pisləşməkdə davam edir. Jurnalistlərə qarşı hücumların, iş şəraitinin "fəlakətli" kimi dəyərləndirildiyi ölkələrin sayı artmaqdadır.

Hesablamalara görə, ötən il 36 ölkə müstəqil jurnalistikanın əməli cəhətdən qeyri-mümkün olduğu ölkələr kateqoriyasına düşüb. Bu, son 10 ilin rekordu sayılır.

Xatırlatma

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbsə atılıb. Onlar ittihamları qəbul etmir, onu peşə fəaliyyətləri ilə izah edirlər.

Azərbaycan hakimiyyəti isə ölkədə jurnalistlərə təzyiqlə bağlı deyilənləri rədd edir, onların konkret cinayətlərə görə həbs olunduğunu vurğulayır.

Davamı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG